ALMANİYA ŞEİRİ-5 


ÇEVİRƏN:

ƏZİZ SƏLAMİ

www.aziz-salami.info
 




THEODOR STORM

  1817-1888



TƏSƏLLİ


Nə gəlirsə bizə doğru, gəlsin, nə qəm!
Sən mənimləsən, mən işıq gündüzdəyəm.

Çıxıram bu böyük dünyaya mən
Harda olsan, mən də orda evimdəyəm.

O sevgili üzünü hər vaxt görərkən
Uzaqlaşıram gələcəyin kölgələrindən.
 



BİR PIÇILTI


Bir pıçıltı dinləyirəm bütün gecəni
Yaman qaçırmış gözlərimdən yuxunu,
Bir sözü var ki arayır məni
Aça bilmədən mənə yolunu.

Sevdamı sözləridir inanmış yellərə
Ki sovrulur havada?!
Yoxsa fəlakətmi gələcək günlərə
Ki mənə söyləməyə can atmada?!
 



SƏHƏR ERKƏN


Günəşin qızıl işıqları dam üzərində,
Xoruzların banı oyadır səhəri hər yerdə,
Bir xoruz burda banlayır, bir xoruz orda,
Sonra xoruz səsləri hər yanda.
Səslər uzaqlarda eşidilməz olur
Nə zamandır dinləyirəm, səs-səmir yoxdur.
Ey qorxmaz xoruzlar, banlayın nə olar!
Burda hələ, dərin yuxudadır bunlar!
 



BİR YAŞlL YARPAQ


Bir yay günündə gəzərkən
Özümlə bir yarpaq gətirdim,
Bəlkə bir gün söyləsin mənə o gündən,
O qədər uca, o bülbül səslərindən,
O qədər yaşıl, o ormandan ki keçirdim.
 



ŞƏHƏR


Boz bir sahilə və boz dənizə yaxın,
Ordadır o şəhər;
Basar damlarını ağırlığı dumanların,
Və səssizlikdə dəniz harın-harın
Hər günkü səslə kükrəyər.

Nə xışıldayan bir ormanı var, nə may ayında oxuyan
Gözəl bir quşun səsi də;
Yox başqa, köçəri qazlardan
Ki sonbaharda keçər çığırışaraq ucalardan;
Və əsər otlar sahildə.

Səninlədir mənim könlüm, səninlə,
Ey dəniz kənarındakı boz şəhər!
Gəncliyin o sehirli günləri də
Qucağında gülümsəyər hələ də
Ey dəniz kənarındakı boz şəhər!

 


DƏNİZ KƏNARl


Uçur qağayı körfəzdə,
Enir göydən toranlıq,
İslaq qumsal üzərində
Yanır axşam işıqları artıq.

Suların yanında bir quş
Gedib gəlir uçaraq;
Adalar röyalar kimi
Dumandan sıyrılaraq.

Dinləyirəm qıcqırmış
Lehmələrin sirli səsini;
Yalnız bir quşun çığırtısını-
Hər zamankı kimi.

Əsir bir daha da, xəfifcə
Ruzgar, sonra susur birdən,
Eşidilir artıq səslər
Ta dərinlərdən.






AUGUST HElNRlCH HOFFMANN
  VON
  FALLERSLEBEN

  1798-1874



AXŞAM OLARKƏN


Haçansa, yenə də olarsa axşam
Mən də bir rahatlanıb dincələrəm,
Ah yollar boyunca nə qədər azmışam!
Uzaqda vətənə tələsirəm.

Yalnız axşamlar mənə rahatlıq verir,
Bütün yükləri özümdən atıram,
Ağrılar məni bir-bir tərk edir
Gözlərimi başqa bir sabaha açıram.

Kədərlidir dünya, savaşlardan xəstə,
Heç can atmaz ki bir sağalmağa!
Yaşamaq istərəm, yaşamaq mən də
O gözəl günlərə qovuşmağa!
 



AXŞAM MAHNlSl


Yenə axşam olur tarlaların
Və ormanın üzərində,
Susaraq bağırtıları bu dünyanın
Rahatlanır yenə də.

Yalnız orada, qayalardan
Bir su daşıb tökülür,
Axıb gedir yorulmadan
Çağlayır, kükrəyir, köpürür.

Hər nə axşam ikən dincələrkən
Ona bir rahatlıq olmaz ki,
Zənglər səslənərkən
Ona bir layla çalmaz ki!

O suya bənzərsən ey könül sən də,
Dincəlməzsən ki bir an,
Bəlkə tanrı olsun səni də
Bir axşam rahatladan.
 




JOHANNES GAUDENZ
  VON
  SALİS-SEEWIS

  1762-1834



AXŞAM HƏSRƏTİ


Qaçıram şəhərdən axşamları,
Gəzirəm nəmli tarlalarda təkbaşına,
Ruhumda dərin həsrət
Və şirin xatirələr.

Üfüqlərdə qırmızı bir zolaq işıqlardan,
Yanır sanki təpə üzərində çalılıq,
Orda inləyir dəyirman da
Hərləndikcə onun çarxı.

Söykənirəm səddə, önümdə çəmən;
Sərin şeh damlaları inci kimi
Axşam işıqlarında qızıla çalan
Sarı çiçəkləri üzərində tarlaların.

Ötür qızılağac kolunda alacəhrə,
Çalılıqlar içində gizlənmiş susqun kənd,
Yalnız bir xoruz banıdır və bir tüstü
Onun olduğundan xəbər verən.

Sərindir nəfəsi axşamın və toranlıq
Gərir qanadlarını üstünə çiçəklərin,
Uzaqlarda görünməz olarkən hər nə
Sancılıb qalır orda baxışlarım.

Şəhərlər, kəndlər görünür üfüqlərdə,
Onları bir-birindən ayıran qaranlıqlar
Uzanır yurduna sevgilimin,
Gözlərim dolur yaşla.

 




FRIEDRICH SCHILLER

  1759-1805



UZAQLARDAN GƏLƏN QIZ


Hər il gələrkən ilk bahar,
Yoxsul çobanlar olan dərədə
Ötüşərkən torağaylar,
Görünürdü o gözəl qız yenə də.

Ora deyildi onun yurdu,
Kimsə bilmirdi gəlir hardan,
Ardınca izi də yox olurdu
Ayrılıb getdiyi zaman.

Bəxtiyardı hər kəs o olanda,
Ürəklərdə bir genişlik vardı,
Ancaq bir ucalıq, bir vüqar onda
Onu onlardan ayırırdı.

Çiçəklər və meyvələr gətirirdi,
Bəslənmiş başqa bir diyarda,
Orda təbiət bəxtiyardı, şəndi,
Günəş də bambaşqa orda.

Bütün gətirdiklərini paylayırdı,
Kiminə meyvə verirdi, kiminə çiçək,
İxtiyar da, gənc də bir pay alırdı,
Dönürdü evinə sevinərək.

Gülər üzlə hamını qarşılayırdı,
Boldu töhfələri, qucaq-qucaq,
Ən gözəl çiçəklərini bağışlayırdı
Sevənlərə ancaq.


يازار هـ.شهبازی دوشنبه 1388/02/28 ساعت 14:55 /لینک/(نقل با قيد منبع وبلاگ آزاد است)